Azərbaycan və Gürcüstan
bir-birinə dərin köklərlə bağlı ölkələrdir
Bakıda keçirilən İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Quram Odişariya iyunun 1-də Mədəniyyət və Turizm Nazirliyində olmuşdur.
AzərTAc xəbər verir ki, nazir Əbülfəs Qarayev ilə görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur.
Əbülfəs Qarayev ölkələrimiz arasında mehriban dostluq münasibətlərindən, Gürcüstan səfərlərindən və keçirdiyi səmimi görüşlərdən məmnunluq hissi ilə danışmışdır. O, gürcüstanlı həmkarına forumda iştirakına görə təşəkkürünü bildirmişdir.
Quram Odişariya Bakı Forumunun yüksək səviyyədə təşkil edildiyini, mədəniyyətlərarası dialoqun xalqların yaxınlaşmasında mühüm rolunu vurğulamışdır. Nazir gürcü xalqının Azərbaycan xalqına və onun Prezidenti İlham Əliyevə böyük hörmət və ehtiramını diqqətə çatdırmışdır.
Görüşdə
Nəriman Nərimanovun Tbilisi şəhərindəki ev-muzeyi
binasının yenidən qurulmasından, Bakıda-Nizami Kino Mərkəzində
tanınmış gürcü rejissoru, SSRİ xalq artisti Rezo
Çxeidzenin 1965-cü ildə çəkdiyi və
2013-cü ildə müasir texnologiya ilə rəngli bərpa
edilmiş "Əsgər atası" bədii filminin
nümayişinin böyük maraq doğurmasından, eləcə
də mədəniyyət, incəsənət sahəsində
mövcud olan geniş əlaqələrdən söz
açılmışdır.
Azərbaycan.-2013.- 2 iyun.- S.4.